Saytlara haker hücumunun arxasında kim dayanır? - SOCAR ittihamlara cavab verdi

Saytlara haker hücumunun arxasında kim dayanır? - SOCAR ittihamlara cavab verdi
https://peyk.az

Azərbaycanda fəaliyyət göstərən informasiya saytlarına mütəmadi olaraq haker müdaxilələri edilir. Bu hal informasiya təhlükəsizliyi baxımından ciddi təhdiddir. Bəzi iddialara görə, bu müdaxilələrin arxasında xaricdəki şəxslər, bəzilərinə görə isə yerli hakerlər tərəfindən həyata keçirilir. Təsadüf elə gətirir ki, adətən SOCAR və onun rəhbərliyi ilə bağlı məqalələr çıxandan sonra hücumların sayı daha da artır. Bu da iddiaların artmasına səbəb olur.

Belə haker hücumları son 3 gün ərzində Criminal.az saytına da edilib. Hücumlar nəticəsində saytın fəaliyyəti bir neçə gün dayanıb. Sayta hücumlar "Bir zamanlar Rövnəq Abdullayevin qohumu mənə demişdi ki..." başlıqlı məqalədən sonraya təsadüf edir. Həmin məqalədə "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun SOCAR prezidenti Rövnəq Abdullayevin ünvanına sərt fikirlə yer alıb.

Belə iddialar var ki, məhz SOCAR-la bağlı tənqidi yazılar dərc olunan saytlara haker hücumları edilir. Həmin hücumlara isə SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov rəhbərlik edir.

Məsələyə aydınlıq gətirməq məqsədilə SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovla əlaqə saxladıq. Şirkət rəsmisi Criminal.az saytına açıqlamasında bildirdi ki, istər SOCAR, istərsə də vitse-prezident Xalik Məmmədov heç bir sayta haker hücumları təşkil etmir. Ola bilər ki, SOCAR-a qarşı müxtəlif saytlarda tənqidi yazılar çıxsın. Həmin yazılar bu gün də dərc edən saytlarda qalmaqdadır.

"SOCAR əməkdaşları saytlara haker hücumu təşkil etmirlər. Sizin iddianızı da şübhə altına qoymuram və demirəm ki, haker hücumu yoxdur, sadəcə kim təşkil edirsə xəbərsizəm. Hər halda araşdırmalıdır. Dövlətin müvafiq orqanların bu işlə məşğul olmalıdır. Qanunsuz hərəkətlərlə bağlı tədbir görülməlidir. Amma SOCAR belə addımlara yol verməz”-deyə İ.Əhmədov vurğuladı.