Trampdan Türkiyə ilə bağlı BİR İLK: Ərdoğanın kürəkəni ilə görüşün pərdəarxası - ŞƏRH

Trampdan Türkiyə ilə bağlı BİR İLK: Ərdoğanın kürəkəni ilə görüşün pərdəarxası - ŞƏRH
https://peyk.az

"ABŞ prezidenti Donald Trampın qəfil Ağ evdə Türkiyənin maliyyə naziri və prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrağı qəbul etməsi bir neçə nəsnədən xəbər verir".

Publika.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ilk olaraq, ABŞ-ın hazırkı prezidenti əsl ticarətçi olduğundan, Rusiyadan alacağı S-400 raketlərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir: "Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə F-35 hərbi təyyarələrini satmaqdan imtina etsə, bu, Amerika üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir".

İkinci məqam isə NATO ilə bağlıdır: "Trampın Albayrakla görüşü "NATO Türkiyəni üzvlükdən çıxara bilər" şayiələrinə son qoydu. NATO-nun əsas dövləti ABŞ-dır. Vaşinqton S-400 raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz. Sadəcə Amerika "pis polis" və "yaxşı polis" rolunu oynayır. "Pis polis" rolunda çıxış edən Amerikanın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi: "Ya biz, ya da S-400 raketləri". "Yaxşı polis" olan prezident Donald Tramp isə türkiyəli nazirlə isti görüş keçirdi".

Politoloqun fikrincə, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta bu il ərzində Donald Trampın Ankaraya rəsmi səfəri də mümkündür: "Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir. Ankarada söhbət etdiyim ekspertlər Türkiyənin Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsinin lazımlığını bildirirlər. Bir çox türkiyəli diplomatın dilindən eşitdiyim ifadə var: "Rusiya ilə tərəfdaşlıq strateji deyil, taktiki mahiyyət daşımalıdır". Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri deyirlər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Türkiyənin maliyyə naziri Berat Albayrakla görüş keçirib. Toplantıda ABŞ-ın maliyyə naziri Stiven Munç və prezidentin məsləhətçisi Cerard Kuşner də iştirak edib. Onu da bildirək ki, bu toplantı Donald Trampın bir nazirlə baş-başa keçirdiyi ilk görüş olub.