"Vətən xaini" kimi tutulan hərbçidən son xəbər: "Məhkum özünü nə kəsib, nə doğrayıb"

https://peyk.az

Tərtər hadisələrinə görə həbsdə olan hərbçi özünə qəsd etməsi xəbəri təsdiqini tapmır. Belə ki, hüquq müdafiəçisi Oqtay Güləliyevin "facebook" hesabında yaydığı məlumata görə, 1995-ci ildə İsmayıllıda anadan olmuş əsgər Hüseynov İsmayıl İntiqam oğlu cəza çəkdiyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, İ.Hüseynov qardaşı ilə görüşdə mənəvi travmanı, işgəncələri unuda bilmədiyini və səhər qədər çabalayaraq "məni boğmayın, öldürməyin” deyə qışqırıb sayıqladığını deyib. Vətəni canından artıq sevdiyi halda onu "vətənə xəyanətdə” ittiham etdiklərinə, Azərbaycan məhkəmələrində ədalət tapmadığına, çağırışlarına səs verilmədiyi üçün saxlandığı cəzaçəkmə müəssisəsində damarlarını doğrayaraq özünə qəsd edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman SadıqovCriminal.az saytına açıqlamasında bildirdi ki, İ.Hüseynovun özünə qəsd etməsi xəbəri yalandır.

Xidmət rəsmisinin sözlərinə görə, məhkum özünü nə kəsib, nə doğrayıb. Hətta narazılığını bildirirb ki, onun barəsində yalan məlumatlar yayılmasın.

Mehman Sadıqov 

O.Güləliyev isə deyir ki, İ.Hüseynov əvvəl də intihara cəhd edib. O, Kürdəxanıdakı istintaq təcridxanasında özünə qəsd edib. Hüquq müdafiəçisi Penitensiar Xidmətə təklif edir ki, həmin cəzaçəkmə müəssisəsində monitorinq keçirilməsi üçün şərait yaradılsın: "Hüquq müdafiəçilərinə cəzaçəkmə müəssisəində dustaqlarla görüş təşkil etsinlər. Lakin şərait yaradılmır. Gğrüşmək və monitorinq aparmaq istəyirik".

 

Oqtay Güləliyev 

Məlumat üçün bildirək ki, İ.Hüseynov hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində gizir rütbəsi ilə işə başlayıb. O.Güləliyev yazır ki, 2016-cı ilin aprel döyüşləri zamanı könüllü olaraq ərizə yazıb "N" saylı hərbi hissədə xidmət etmək üçün döyüş bölgəsinə gedib:

"2016-cı ilin 28 iyulunda düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızda kəşfiyyatda olarkən düşmən postuna keçib bir yeşik (1400 ədəd) silah gülləsi, snayper silahı, optik nişangahı və 2 ədəd daraq 30 patronla gətirib. Rəhbərlik "vətənə belə oğullar lazımdır” deyib onu müxtəlif fərqlənmələrlə təltif edir. Amma deyir sən saydığını say, gör fələk nə sayır… Bu hadisədən bir müddət sonra İsmayıl işdən azad olunur. 18 may 2017- ci ildə gecə saat 3 radələrində onu Gəncədə yaşadığı evdən gəlib Tərtərə aparırlar. O, Tərtər hadisələri ilə bağlı vətənə xəyanətdə ittiham olunaraq ağır və dəhşətli işgəncələrə məruz qalır.

Ona verilən işgəncələri anası belə nəql edir: "…onu ayaqlarından asıb başını su ilə dolu qablara salıblar, sonra da suyun içinə elektrik cəryanı buraxıblar, dayanmadan onu bayılana qədər döyüb ağır işgəncə veriblər, bədəninə tok veriblər. Butulka, şılanqla, lomla zorlayıblar. Kişi cinsiyyət üzvlərinə tok qoşublar. 15 nəfər avtomatı başına dayayıb məcbur edib ki, erməniyə işlədiyini boynuna alsın. Şlanlqa suyu ağzına doldurub boğurmuşlar və s.”. Yanında əsgəri öldürüb "səni də bu günə salacayıq, sənədə imza at” deyiblər. Ona ağır işgəncələr altında saxta sənədə imza atdırıb məhkəmə önünə çıxarıblar. Qapalı məhkəmədə vətənə xəyanətdə ittiham edərək 15 il müddətə azadlıqdan məhrum ediblər".